Bir gün orta məktəb çağlarında uşaqlar arasında öz dədə-babalarımız haqqında kiçik bir söhbət məni çox düşündürmüşdü. Sonradan ailəmizdə bu söhbəti salmağım, mənim Azərbaycanda tanınmış çox məhşur bir hökmdarın nəvəsi olduğumu ortaya qoydu.
Məni həmişə uşaqlıq çağlarımdan bir sual dərindən narahat edirdi. Fikirləşirdim ki, görəsən mənim kimi öz vətənini dəlicəsinə sevə bilən insan varmı. Gəlin etiraf edək ki, bizim ölkədə doğulanların əksəriyyəti vətənini sevmir və yaxud vətən məfhumu haqqında heç anlayışı belə yoxdur.
Yəqin ki, çoxları öz soyunun, kökünün kimlərdən olduğunu bilmir, uzağı babasından o yana heç kimi tanımır. Amma məni həmişə öz soyum, köküm maraqlandırıb. Dəqiq bilirəm ki, anamın ata tərəfdən ulu babası Qəbələ rayonunda tanınmış zabitəli bəy Aləşrəf olub. Ana tərəfi isə seyid, övliya Şeşbər Baba adı ilə tanınan nəsildən olub.
Ancaq qəribə də olsa atamın nəslindən uzun müddət az məlumatım olub. Bir gün atamdan öz ulu babalarımız haqqında məlumat almaq qərarına gəldim. Təsadüfən nənəm Səkinənin Göyçə mahalının Zod kəndindən olduğunu öyrəndim. Onu öyrəndim ki, nənəmin babası Azərbaycanda tanınmış aşıq və şair Ustad Abdulla olub. İşin maraqlı tərəfi atam öz babaları haqqında danışanda oldu. Sən demə mən Azərbaycanda vaxtı ilə hakimiyyətdə olan Qaraqoyunlular sülaləsinin hökmdarı və banisi Qara Yusifin nəvəsiyəm. İnandırım ki, çox qəribə mütəəssir olmuşdum. Mən uzun zamandır ki, məndə vətən təəssübkeşliyinin təsadüfi olmadığını və bunun mütləq mənim soyumdan qaynaqlandığını hiss etmişdim.
Deyirəm axı nə üçün gecələr yatanda Azərbaycanın Şah İsmayıl Xətainin dövründəki Bağdaddan Əfqanıstana qədər olan torpaqları gözümün qabağından getmir. Deyirəm axı nə üçün Güney Azərbaycan, Dağıstan, İrəvan, Zəngəzur mahalları və nəhayət Qarabağ yadıma düşəndə içimdən qara qanlar axır. Mütləq gərək damarlarında azərbaycanlı qanı axsın ki, bu torpaqlar üçün göynəyəsən. Açığı bu hadisədən sonra mən öz ulu babam Qara Yusif ilə fəxr etməyə başladım. Nəyə görə də fəxr etməyim. İndiki zamanda Azərbaycanda öz soy-kökünü tanımadan saxta iddialarla öz nəslindən qürrələnmək adi bir hala çevrilib. Əslində belə bir halda mənim daha çox fəxr etməyə haqqım çatır. Mən kimin daha çox fəxr etməyə haqqının çatıb çatmadığını müzakirə etmək niyyətində deyiləm. Sadəcə real bir həqiqəti ortaya qoymaq istədim. Vaxtilə atamın kənd ağsaqqalı 144 yaşlı İsgəndər kişidən öyrəndiyi məlumat mənim üçün çox qiymətli idi. Mən özümü ulu babam Qara Yusifdən bu yana ötürülən bu məlumatları gələcək nəsillərimizə ötürməyi borclu hesab edirəm və çiyinlərimdə bu yükün, məsuliyyətin ağırlığını hiss edirəm.
Gəlin keçmişimizi yaxşı tanıyaq və öyrənək. Biz öz keçmişimizi, tariximizi nə qədər yaxından tanısaq, gələcək bizim üçün bir o qədər aydın və işıqlı olacaq.